BAKI, 1 mart. TELEQRAF
İran 2026-cı il Futbol üzrə Dünya Çempionatında iştirakdan imtina edib.
Teleqraf xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb
Turnirin ABŞ, Kanada və Meksikada keçirilməsi planlaşdırılsa da, İran millisinin qrup mərhələsindəki hər üç oyunu məhz ABŞ-də baş tutmalı idi. Bu səbəbdən rəsmi Tehran ölkəni hədəf alan tərəflərdən birinin ev sahibliyi etdiyi yarışa yollanmağı qeyri-mümkün hesab edib.
İran Futbol Federasiyasının sədri hələ ötən gün verdiyi açıqlamada "son hadisələrdən sonra milli komandanın belə bir turnirdə çıxış etməsi inandırıcı görünmür" deyə bildirmişdi. Son məlumatlara görə, rəsmi imtina qərarı artıq verilib və bir neçə saat ərzində ictimaiyyətə bəyan ediləcəyi gözlənilir.
Bundan əlavə, İranda daxili futbol çempionatı da növbəti bildirişə qədər qeyri-müəyyən müddətə dayandırılıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti olaraq bağlayıb.