BAKI, 1 mart. TELEQRAF
Pakistanda ABŞ-nin Karaçi şəhərindəki baş konsulluğu qarşısında baş verən kütləvi iğtişaşlar və toqquşmalar nəticəsində 8 nəfər həlak olub.
Teleqraf xəbər verir ki, baş verən şiddətli qarşıdurmalarda daha 18 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Məlumata görə, iğtişaşlar ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlar və Ali Rəhbər Ayətullah Əli Xameneinin ölüm xəbərindən sonra alovlanıb. Qəzəbli nümayişçilər konsulluğun təhlükəsizlik baryerlərini yararaq binaya doğru irəliləməyə cəhd göstəriblər.
***
11:25
Pakistanda etirazçılar ABŞ-nin Karaçi şəhərindəki baş konsulluğuna hücum edərək diplomatik binaya ciddi ziyan vurub.
Teleqraf xəbər verir ki, sosial şəbəkələrdə və hadisə yerindən yayılan görüntülərdə qəzəbli nümayişçilərin diplomatik nümayəndəliyin ərazisinə daxil olduğu əks olunub.
Görüntülərdən məlum olur ki, etirazçılar əllərindəki dəyənəklər və müxtəlif küt alətlərlə konsulluq binasının pəncərələrini sındırıb, binanın fasadına zərər vurublar. Hücum zamanı kütlənin yüksək səslə şüarlar səsləndirdiyi və binanın mühafizə zolağını keçdiyi müşahidə olunur.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail qüvvələrinin İrana qarşı başlatdığı irimiqyaslı "açılış zərbələri" nəticəsində ölkənin ali dini lideri Əli Xamenei də daxil olmaqla, hərbi-siyasi rəhbərliyin əksər nümayəndələri həlak olub.