BAKI, 27 fevral. TELEQRAF

ABŞ-nin "İnter Mayami" klubunun ulduz futbolçusu Lionel Messi İspaniya "Barselona"sına qayıtmaq niyyətində deyil.

Teleqraf xəbər verir ki, bu barədə "RadioCAT" nəşri məlumat yayıb.

Argentinalı hücumçunun yaxın ətraflı Kataloniya təmsilçisinin prezidentliyinə namizədləri bu qərarla bağlı məlumatlandırıblar. Hazırda ABŞ-də çıxış edən Messi "Kamp Nou"ya futbolçu kimi dönməyəcəyini qəti şəkildə bildirsə də, gələcəkdə klubda başqa bir vəzifədə təmsil olunmaq ehtimalını istisna etməyib.

Bu qərar "Barselona"da davam edən prezident seçkiləri kampaniyası fonunda verilib. Belə ki, Xuan Laporta və Viktor Font kimi namizədlər öz çıxışlarında Messinin klubda fəxri vəzifəyə gətirilməsi mövzusuna toxunmuşdular.

Qeyd edək ki, maliyyə böhranı səbəbindən 2021-ci ildə "Barselona"dan ayrılan Messi PSJ-yə, 2023-cü ildə isə "İnter Mayami"yə keçib.