BAKI, 28 fevral. TELEQRAF
“Hakimlik problemi təkcə Azərbaycanda deyil, Ukraynada və digər ölkələrdə də var. Bu, komandalar üçün məyusedici haldır. Üzülürük, amma yolumuza davam edirik. Sanki bizim irəli getməyimizi istəmirlər, bizi aşağıdan çəkirlər. Buna baxmayaraq, dayanmayacağıq, öz yolumuzla irəliləyəcəyik”.
Teleqraf xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Yuri Vernidub deyib.
Mütəxəssis Azərbaycan Premyer Liqasının XXII turunda səfərdə “Şamaxı” ilə keçirilən oyunla bağlı fikirlərini bildirib.
Ukraynalı məşqçi qarşılaşmanın 90+8-ci dəqiqəsində qapısına təyin olunan penalti epizodu ilə bağlı etirazını bildirib: “Oyun barədə geniş şərh vermək istəmirəm. Bununla bağlı cavabı müvafiq qurumlar, xüsusilə də Hakimlər Komitəsi verməlidir. Oyundan razı qaldım. Lakin penalti qərarı mənə görə düzgün deyildi. Görünür, VAR epizodu başqa cür qiymətləndirdi. Biz görməsək də, onlar hansısa formada gördülər. Biz güclüyük. Güclülər dayanmır”.
O, matçda iki qolun müəliifi olan Vensan Abubakarın ilk hissədə meydana çıxmamasını belə izah edib: “Abubakar ikinci hissədə meydana daxil oldu və iki qol vurdu. Həm o, həm də Sambu yaxşı oyun sərgilədi. Vensanın meydana çıxması oyunda böyük dəyişiklik yaratdı.
Sizdən üzr istəyirəm, daha davam edə bilməyəcəyəm. Suallara başqa vaxt cavab verəcəyəm”.