ASTARA, 1 mart. TELEQRAF
İordaniyanın İrandakı səfirliyinin 4 nümayəndəsi Astara Sərhəd Gömrük keçid məntəqəsindən Azərbaycan ərazisinə təxliyə olunub.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, diplomatlar müvafiq prosedurlardan keçdikdən sonra ölkə ərazisinə buraxılıblar.
İordaniyanın İrandakı səfiri Əşrəf Khasawneh jurnalistlərə açıqlamasında Azərbaycan dövlətinə təşəkkürünü bildirib.
“Azərbaycanı çox sevirəm. Azərbaycan dövlətinə təşəkkür edirəm. İnanıram ki, növbəti dəfə bu gözəl ölkəyə turist kimi gələcəyik”, – deyə səfir vurğulayıb.
Qeyd edək ki, bölgədə yaranmış vəziyyətlə əlaqədar bir sıra xarici ölkə vətəndaşlarının Astara sərhəd-keçid məntəqəsi vasitəsilə təxliyəsi davam etdirilir.
***
12:26
Astara sərhəd keçid məntəqəsindən xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, bu gün beş Tacikistan vətəndaşı Astara sərhəd keçid məntəqəsindən keçərək təxliyə olunub. Onların eyni ailənin üzvləri olduğu bildirilir.
Gün ərzində, xüsusilə səhər saatlarından etibarən daha çox Azərbaycan vətəndaşlarının təxliyə olunduğu müşahidə edilib. Bildirilir ki, indiyədək 30-dan çox Azərbaycan vətəndaşı təxliyə olunaraq ölkə ərazisinə keçib.
Hazırda isə qarşı tərəfdə – İran ərazisində təxliyə olunmasını gözləyən xeyli sayda xarici ölkə vətəndaşının olduğu qeyd edilir.
Proses müvafiq prosedurlara uyğun şəkildə davam etdirilir.