BAKI, 1 mart. TELEQRAF

Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə ölkənin Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan hökumət başçısının mətbuat katibi Nazeli Baqdasaryan məlumat yayıb.

Toplantıda Xarici Kəşfiyyat Xidmətinin rəisi Kristine Qriqoryan İran İslam Respublikası və Yaxın Şərqdə cərəyan edən hadisələrlə bağlı geniş məruzə ilə çıxış edib. Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə Baş nazirin tapşırığı ilə yaradılmış idarələrarası işçi qrupunun fəaliyyəti barədə hesabat verib.

İclasda Ermənistan Prezidenti Vaaqn Xaçaturyan, parlamentin sədri Alen Simonyan və hakimiyyətin digər yüksəkrütbəli nümayəndələri iştirak ediblər. Paşinyan iclasın yekununda aidiyyəti qurumlara zəruri tapşırıqlar verib. İştirakçılar baş verən hadisələrdən dərin təəssüf hissi keçirdiklərini bildirib, həlak olanlarla bağlı başsağlığı verib və regionda sülhün tezliklə bərqərar olmasının vacibliyini vurğulayıblar.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail qüvvələrinin İrana qarşı başlatdığı irimiqyaslı hərbi əməliyyat nəticəsində Tehran da daxil olmaqla, ölkənin bir çox şəhərlərinə hava zərbələri endirilib. İran Dövlət Televiziyası Ali Rəhbər Ayətullah Əli Xameneinin iqamətgahına endirilən zərbə nəticəsində həlak olduğunu təsdiqləyib və ölkədə 40 günlük matəm elan edilib.