BAKI, 17 fevral. TELEQRAF
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə nüvə mübahisəsinin həlli üzrə danışıqlar ərəfəsində BMT-nin nüvə üzrə nəzarət qurumu olan MAQATE-nin baş direktoru Rafael Qrossi ilə görüşüb.
Teleqraf xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, görüş Vaşinqtonla Tehran arasında gərginliyin davam etdiyi, ABŞ-nin bölgəyə əlavə hərbi qüvvələr göndərdiyi bir vaxtda baş tutub. ABŞ İsraillə birlikdə iyun ayında İranın nüvə obyektlərinə zərbələr endirdikdən sonra regiona ikinci aviadaşıyıcı qrup da daxil olmaqla əlavə döyüş gəmiləri və təyyarələr yerləşdirib.
Gərginliyi artıran digər məqam isə İranın Hörmüz boğazında hərbi təlimlərə başlamasıdır. Bu boğaz Körfəz ölkələrinin neft ixracı üçün həyati əhəmiyyət daşıyan beynəlxalq dəniz yoludur. Yarımrəsmi Tasnim agentliyinin məlumatına görə, “Hörmüz boğazının ağıllı nəzarəti” adlanan təlimlərin məqsədi İnqilab Keşikçiləri Korpusunun dəniz bölmələrinin hazırlığını yoxlamaqdır.
Reuters yazır ki, ABŞ və İran bu ayın əvvəlində danışıqları bərpa ediblər. Vaşinqton və müttəfiqləri Tehranı nüvə silahı əldə etməyə çalışmaqda ittiham edir, İran isə bunu inkar edir və proqramının yalnız mülki məqsədlərə xidmət etdiyini bildirir. Tehran sanksiyaların yumşaldılması müqabilində nüvə proqramına məhdudiyyətləri müzakirə etməyə hazır olduğunu desə də, uranın zənginləşdirilməsinin tam dayandırılmasını qəbul etməyəcəyini və raket proqramının danışıqlar mövzusu olmadığını vurğulayır.
ABŞ dövlət katibi Marko Rubio Macarıstana səfəri zamanı İranla razılaşma əldə etməyin çətin olacağını bildirib. Abbas Əraqçi isə Cenevrədə “ədalətli və balanslı razılaşma” əldə etmək istədiklərini deyib və “təhdidlər qarşısında təslim olmağın müzakirə mövzusu olmadığını” qeyd edib.
Məlumata görə, MAQATE aylardır İsrail-ABŞ zərbələrindən sonra İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarının taleyi ilə bağlı Tehrandan izahat tələb edir və Natanz, Fordo və İsfahan daxil olmaqla bir neçə əsas obyektdə yoxlamaların tam bərpasını istəyir.
İsrailin baş naziri Benyamin Netanyahu isə ABŞ prezidenti Donald Trampa bildirib ki, İranla mümkün istənilən razılaşma yalnız zənginləşdirmənin dayandırılmasını deyil, həm də nüvə infrastrukturunun tam sökülməsini nəzərdə tutmalıdır.