BAKI, 16 fevral. TELEQRAF

İsrail hökuməti ölkədə iki yeni beynəlxalq hava limanının tikintisi planlarını təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə baş nazir Benyamin Netanyahu Nazirlər Kabinetinin həftəlik iclasında məlumat verib.

Yeni hava limanlarından biri ölkənin cənubunda, Negev səhrasında, Siklik ərazisində, Beer-Şeva şəhərindən təxminən 10 km şimal-qərbdə inşa olunacaq. Netanyahu bildirib ki, bu layihə Negev bölgəsinin inkişafı, məşğulluğun artırılması, nəqliyyat əlçatanlığı və turizmin genişlənməsi üçün güclü təkan olacaq. Onun sözlərinə görə, layihə avtomobil və dəmir yolu infrastrukturunun inkişafı, eləcə də hava limanı ətrafında formalaşacaq əlavə biznes sahələri ilə müşayiət olunacaq.

Digər beynəlxalq hava limanı isə ölkənin şimalında, Qalileyada yerləşən Ramat-David yaşayış məntəqəsi yaxınlığında tikiləcək. Həmin ərazidə hazırda İsrail Hərbi Hava Qüvvələrinin bazalarından biri fəaliyyət göstərir. Baş nazir qeyd edib ki, bu addım İsrailə gələn milyonlarla turistin artan tələbatını qarşılamağa və ölkə vətəndaşlarının xaricə səfər imkanlarını genişləndirməyə xidmət edəcək.

Netanyahu vurğulayıb ki, hər iki layihə paralel şəkildə və mümkün qədər qısa müddətdə həyata keçiriləcək. Hazırda İsraildə üç beynəlxalq hava limanı fəaliyyət göstərir.