BAKI, 26 oktyabr. TELEQRAF

Rusiya Ukraynadakı hadisələrlə bağlı BMT-nin Müstəqil Beynəlxalq Araşdırma Komissiyasının mandatını tanımır və onun nəticələrini rədd edir, çünki onlar Ukrayna hakimiyyətinin saxtalaşdırılmış məlumatlarına əsaslanır.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyinin bəyanatında bildirilir.

Diplomatik missiya qeyd edib ki, Rusiya siyasiləşmiş bir qurumun - BMT İnsan Hüquqları Şurasının səsverməsi ilə yaradılmış bu komissiyanın mandatını tanımır: "Komissiya öz nəticələrini Ukrayna hakimiyyəti tərəfindən Kiyevdəki BMT İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndəliyi vasitəsilə təqdim edilən saxta məlumatlara əsaslandırır".

Rusiyalı diplomatlar BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının ofisinin neytrallığını itirdiyini qeyd ediblər. "Bu ofis çoxdan neytrallığını itirib və mahiyyət etibarilə Rusiyaya qarşı iftiraları qanuniləşdirən bir orqana çevrilib. O, sadəcə olaraq Ukrayna Silahlı Qüvvələri tərəfindən törədilən hər hansı bir cinayəti görməzdən gəlir", - deyə bəyanatda vurğulanıb. Diplomatik missiya hesab edir ki, komissiyanın mövcudluğu və fəaliyyəti BMT-nin işində həll edilməli olan böhranı göstərir.

Rusiya Daimi Nümayəndəliyi BMT Baş Assambleyasına təqdim edilən və Rusiyaya qarşı ittihamları ehtiva edən komissiyanın hesabatına belə münasibət bildirib.