BAKI, 27 oktyabr. TELEQRAF

İran Prezidenti Məsud Pezeşkian Rusiyaya səfəri zamanı yüksək səviyyəli nümayəndə heyətinə rəhbərlik edəcək.

Teleqraf xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali məlumat verib.

Diplomatın sözlərinə görə, Moskvada keçiriləcək Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) sammitində iştirak edəcək nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi və neft naziri Möhsün Paknejad da daxil olacaq.

Səfir bildirib ki, sammit Qərbin birtərəfli təzyiqlərinin qlobal enerji bazarlarına təsir göstərdiyi bir dövrdə keçirilir.

Onun sözlərinə görə, Qaz İxrac Edən Ölkələr Forumu dövlətlərin təbii sərvətləri üzərində suveren hüquqlarının qorunması baxımından mühüm hüquqi və struktur mexanizmdir.

Cəlali İran Prezidentinin xarici işlər və neft nazirləri ilə birlikdə sammitdə iştirakını ölkənin enerji diplomatiyasının gücləndirilməsi istiqamətində strateji addım kimi qiymətləndirib.

Alternativ başlıq: İran Prezidenti iki nazirlə Moskvaya gedir