BAKI, 27 oktyabr. TELEQRAF

Rumıniya Kəşfiyyat Xidməti (RSI) silah fabrikinin yandırılmasında iştirak edən təxribat şəbəkəsinin ifşa edildiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, RSI şəbəkənin Rusiya tərəfindən koordinasiya edildiyini bəyan edib.

Rumıniya Mütəşəkkil Cinayətkarlıq və Terrorizmlə Mübarizə İdarəsi (DIICOT) istintaq çərçivəsində Almaniyada iki belaruslunun saxlanıldığını, Polşada isə Ukrayna vətəndaşı olan digər şübhəlinin tapıldığını bildirir. RSI hesabatında iddia edilir ki, təxribatçılar 14 sentyabr 2026-cı ildə Braşov sənaye zonasında Romarm silah şirkətinin filialına edilən yanğında iştirak ediblər.

İstintaq Aİ ölkələrində yaşayan keçmiş Sovet respublikalarından olan bir sıra vətəndaşların təxribatda iştirakını təsdiqləyib.

Rumıniya kəşfiyyat xidməti ölkədə beynəlxalq hərbi komplekslərə, o cümlədən Ukrayna silahlı qüvvələrinin təlim mərkəzlərinə yönəlmiş cəhdlərin qarşısının alındığını açıqlayıb.