BAKI, 6 fevral. TELEQRAF

Niderlandda 10 bələdiyyə müsəlmanlar və müsəlman təşkilatları barədə məlumatların qanunsuz və gizli şəkildə toplanmasına görə cərimələnib.

Teleqraf xəbər verir ki, bu barədə "Anadolu Ajansi" məlumat yayıb.

Məlumata görə, cərimələrin ümumi məbləği 250 min avro təşkil edir. Qərarı Niderlandın Şəxsi Məlumatların Mühafizəsi Agentliyi (AP) qəbul edib.

Sanksiyalar bələdiyyələrə Avropa İttifaqının Ümumi Məlumatların Qorunması Qaydalarının (GDPR) pozulmasına görə tətbiq olunub. Tənzimləyici qurumun bildirdiyinə görə, yerli hakimiyyət orqanları vətəndaşların xəbəri olmadan məscidlər, müsəlman təşkilatları və ayrı-ayrı şəxslər haqqında məlumat toplayıb və emal edib.

Bələdiyyələrin sifarişi ilə hazırlanan hesabatlarda dini etiqadlar, konfessional mənsubiyyət, ailə və şəxsi əlaqələr daxil olmaqla məxfi məlumatlar yer alıb. Toplanan informasiyanın bir hissəsi polisə, Terrorizm və Təhlükəsizlik üzrə Milli Koordinasiya Mərkəzinə, eləcə də Sosial Məsələlər və Məşğulluq Nazirliyinə ötürülüb. AP vurğulayıb ki, bu addımlar diskriminasiya xarakteri daşıyıb, çünki əsasən müsəlmanlara qarşı yönəlib.

Agentliyin rəhbəri Aleyd Volfsen bildirib ki, müsəlman icmaları ilə bağlı gizli araşdırmaların heç bir hüquqi əsası olmayıb. Onun sözlərinə görə, bələdiyyələr xüsusi həssas şəxsi məlumatları qanuni səbəb olmadan toplayaraq məxfilik hüququnu ciddi şəkildə pozublar.

Bələdiyyələr məlumatların qanunsuz emalını etiraf edib və tətbiq olunan cərimələrlə razılaşıblar. Eyni zamanda, müsəlman icmaları ilə etimadın və münasibətlərin bərpası istiqamətində addımlar atmağa başladıqlarını bildiriblər. Şəxsi Məlumatların Mühafizəsi Agentliyi isə toplanmış məlumatların hər hansı digər məqsədlərlə istifadəsini qadağan edib.