BAKI, 30 yanvar. TELEQRAF
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqının artıq geosiyasi oyunçu kimi mövcud olmadığını bəyan edib.
Teleqraf xəbər verir ki, o, bu fikirləri yerli "Imedi" telekanalına müsahibəsində səsləndirib.
“Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallas amerikalı tərəfdaşı, ABŞ dövlət katibi Marko Rubiodan görüş ala bilmir. Brüssel bürokratiyası Avropa İttifaqını elə vəziyyətə salıb ki, artıq onu geosiyasi oyunçu kimi görmək mümkün deyil. Amma bunun əvəzini bizim kiçik ölkəmizdən çıxırlar”, – deyə Papuaşvili bildirib.
Qeyd olunur ki, Gürcüstanın Aİ və ABŞ ilə münasibətləri 2024-cü ilin mayında parlamentin “xarici agentlər” haqqında qanunu qəbul etməsindən sonra pisləşməyə başlayıb. 2024-cü ilin sonunda isə parlament LGBT təbliğatını qadağan edən qanunu təsdiqləyib. Qərb ölkələri bu iki qanunu Gürcüstanın “Avropa dəyərlərindən uzaqlaşması” kimi qiymətləndirib və ölkənin Aİ-yə inteqrasiya yolundan kənarlaşdığını iddia ediblər.
Bundan sonra ABŞ və Aİ ölkələri Gürcüstan hakimiyyətinin ayrı-ayrı nümayəndələrinə qarşı sanksiyalar tətbiq etməyə başlayıb.