BAKI, 25 yanvar. TELEQRAF

Türkiyənin Malatya vilayətində nişan mərasimində iştirak edən 113 nəfər karbonmonoksit zəhərlənməsi diaqnozu ilə tibbi nəzarətə götürülüb.

Teleqraf xəbər verir ki, hadisə Battalqazi rayonunun Orduzu məhəlləsində yerləşən mərasim evində qeydə alınıb.

Malatya Polis İdarəsinin yaydığı məlumata görə, mərasimdə iştirak edən qonaqlar özlərini pis hiss etdikdən sonra xəstəxanaya müraciət ediblər. Onlara karbonmonoksit zəhərlənməsi diaqnozu qoyulub.

İlkin ehtimallara görə zəhərlənmə təbii qaz mənbəli karbonmonoksit sızması nəticəsində baş verib. 113 vətəndaş tibbi müəssisələrdə müalicə altına alınıb və artıq bəzi şəxslər evə buraxılıb.

Faktla bağlı hadisənin səbəblərinin, eləcə də mümkün səhlənkarlıq və məsul şəxslərin müəyyən edilməsi üçün araşdırma aparılır.