BAKI, 23 yanvar. TELEQRAF
ABŞ dövlət katibi Marko Rubio İŞİD terror qruplaşmasına qarşı yaradılmış beynəlxalq koalisiyanın üzvü olan ölkələri İraqda saxlanılan və bu təşkilatla əməkdaşlıqda şübhəli bilinən öz vətəndaşlarını repatriasiya etməyə çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda deyilir.
Rubio İraq hökumətinin Suriyadan gətirilən İŞİD üzvlərinin İraq həbsxanalarına yerləşdirilməsi təşəbbüsünü alqışlayıb. Onun sözlərinə görə, qeyri-İraq vətəndaşı olan terrorçular bu ölkədə yalnız müvəqqəti saxlanılacaq.
“ABŞ ölkələri məsuliyyəti öz üzərinə götürməyə və bu cəzaçəkmə müəssisələrində saxlanılan vətəndaşlarını məsuliyyətə cəlb etmək üçün geri aparmağa çağırır”, - deyə bəyanatda qeyd olunur.
Dövlət katibi vurğulayıb ki, bu addım koalisiya üzvləri arasında yükün ədalətli bölüşdürülməsi çərçivəsində İŞİD-in yenidən güclənməsinin qarşısının alınmasına yönəlmiş uzunmüddətli strategiyanın mühüm hissəsidir.