BAKI, 20 yanvar. TELEQRAF
Avropa Parlamenti (AP) ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı hədələrindən sonra Avropa İttifaqı ilə ABŞ arasında ticarət sazişinin ratifikasiyası prosesini dondurub.
Teleqraf xəbər verir ki, bu barədə AP-nin saytında qeyd olunub.
“France-Presse” agentliyinin istinad etdiyi Sosial-demokratlar qrupunun (S&D) sədri İraçe Qarsia Peres bildirib ki, əksər siyasi qruplar 2025-ci ildə Aİ ilə ABŞ arasında bağlanmış ticarət sazişinin ratifikasiyasının dayandırılmasını dəstəkləyiblər.
ABŞ Prezidenti dəfələrlə Qrenlandiyanın ABŞ-yə birləşdirilməsinin zəruriliyi barədə bəyanatlar verib. O, ilk prezidentlik dövründə də adanın satın alınması təklifini irəli sürüb. 2025-ci ilin martında isə onun anneksiya edilə biləcəyinə əminliyini bildirib.
Qrenlandiya Danimarkanın tərkibinə muxtar ərazi statusu ilə daxildir. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO üzrə müttəfiqlik öhdəliklərinə əlavə olaraq Qrenlandiyanın müdafiəsi haqqında Müqavilə imzalayıblar. Həmin sənədə əsasən, ABŞ adanı mümkün təcavüzdən müdafiə etmək öhdəliyini üzərinə götürüb.