SUMQAYIT, 21 yanvar. TELEQRAF
Sumqayıt şəhərində dəm qazından zəhərlənmə ilə bağlı iki fakt qeydə alınıb.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisələr şəhərin müxtəlif ərazilərində baş verib.
Belə ki, Sumqayıt şəhərinin Kotec qəsəbəsində yerləşən fərdi yaşayış evində 1969-cu il təvəllüdlü Namazova Vəfa Aşot qızı hamam otağında dəm qazından zəhərlənib. Zərərçəkən xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata əsasən, onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Digər hadisə isə Sumqayıt şəhərinin 17-ci mikrorayonunda qeydə alınıb. Məlumata görə, 2012-ci il təvəllüdlü Məmmədzadə Vidadi Namid oğlu hamam otağında dəm qazından zəhərlənib. Uşaq hazırda Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının təcili yardım şöbəsində müalicə alır. Onun da vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hər iki faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.