BAKI, 21 yanvar. TELEQRAF

Mədənçilik, bərpaolunan enerji, süni intellekt və məlumat mərkəzləri xarici investisiyaların cəlb olunması üçün əsas hədəflərdir.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarının cavabında deyib.

Mədənçiliyin nisbətən yeni sahə olduğunu qeyd edən dövlətimizin başçısı bildirib: “Çünki nadir metallarımızın əksəriyyəti son beş və iki il ərzində Ermənistanın işğalından azad edilmiş ərazilərdə yerləşir. Hazırda ən müasir texnologiyalardan istifadə etməklə fəal tədqiqat mərhələsindəyik ki, potensialımızı dəqiq müəyyən edək”.