BAKI, 19 yanvar. TELEQRAF

"Mən Nobel Sülh Mükafatı ilə bağlı Trampa dəfələrlə və aydın şəkildə bildirmişəm ki, mükafatı Norveç hökuməti deyil, müstəqil Nobel Komitəsi verir".

Teleqraf xəbər verir ki, bunu Norveçin Baş naziri Conas Qar Store Trampın məktubuna cavab olaraq söyləyib.

Norveçin "VG" qəzetinə açıqlamasında Baş nazir Trampdan narazılıq məktubu aldığını təsdiqləyib.

Store bildirib: “Norveçin Qrenlandiya ilə bağlı mövqeyi aydındır. Qrenlandiya Danimarka Krallığının bir hissəsidir və Norveç bu məsələdə Danimarka Krallığını dəstəkləyir. Biz həmçinin NATO-nun Arktikada təhlükəsizlik və sabitlik fəaliyyətlərini gücləndirməsini dəstəkləyirik", - deyə o bildirib.

Trampın Nobel Sülh Mükafatı ilə bağlı narazılığına gəlincə, Baş nazir deyib: "Mən bunu Trampa dəfələrlə və açıq şəkildə bildirmişəm. Mükafatın Norveç hökuməti tərəfindən deyil, müstəqil Nobel Komitəsi tərəfindən verildiyi hamıya məlumdur".

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Norveç Baş nazirinə məktub göndərərək Qrenlandiyaya iddiasını ona Nobel Sülh Mükafatının verilməməsi ilə əlaqələndirib.

"Əziz Conas, 8 müharibəni dayandırsam da, ölkəniz mənə Nobel Sülh Mükafatını verməmək qərarına gəlib."Sülhün həmişə prioritet olmalı olduğunu nəzərə alaraq, artıq yalnız sülh haqqında düşünməyə borclu deyiləm. Artıq ABŞ üçün nəyin yaxşı və uyğun olduğunu düşünə bilərik. Qrenlandiya məsələsinə gəlincə, adanın Danimarkaya aid olduğunu sübut edən yazılı sənəd yoxdur, sadəcə yüz illər əvvəl orada bir qayıq lövbər salıb. Bizim də qayıqlarımız orada lövbər salırdı. Biz yarandığı gündən NATO üçün hər kəsdən daha çox iş görmüşük və indi NATO-nun ABŞ üçün bir şey etməsi lazımdır. Qrenlandiya üzərində tam və mütləq nəzarətimiz olmadığı təqdirdə dünya təhlükəsiz deyil".