BAKI, 19 yanvar. TELEQRAF

Bolqarıstan Prezidenti Rumen Radev istefa verdiyini açıqladı.

Teleqraf xəbər verir ki, Radevin "Facebook" səhifəsində xalqa müraciətində deyib:

"Bu mənim Bolqarıstan Prezidenti kimi sizə son müraciətimdir. Qeyd etmək istərdim ki, bu doqquz il ərzində vitse-prezidentlə mən ortaq bir məqsədlə birləşərək səmərəli və həmrəy işləyə biləcəyimizi nümayiş etdirdik. Əminəm ki, İliana Yotova layiqli bir dövlət başçısı olacaq və bu doqquz il ərzində göstərdiyi dəstəyə görə ona təşəkkür etmək istəyirəm. Mənə göstərdiyiniz etimada və səbrinizə görə sizə təşəkkür edirəm. İşimdə yol verdiyim səhvlərə, sizə verdiyim vədləri yerinə yetirə bilmədiyim üçün bağışlayın".

Radev parlamentdəki siyasi partiyaların yeni hökumət qura bilməməsindən sonra gündəmə gələn növbədənkənar parlament seçkilərində iştirak edəcəyini bildirib.

Dekabr ayında Bolqarıstanın Baş naziri Rosen Jelyazkov ölkədəki etirazlar fonunda kabinetinin buraxıldığını elan edib.