BAKI, 19 yanvar. TELEQRAF
Xəbər verdiyimiz kimi, Sumqayıtda qanunsuz ticarətə qarşı keçirilən reyd zamanı Şəhər İcra Hakimiyyəti nümayəndəsinin davranışı sosial şəbəkələrdə tənqidlə qarşılanıb.
Teleqraf-ın əldə etdiyi məlumata görə, kobud davranışı ilə tənqidlərə tuş gələn həmin şəxs
Sumqayıt Şəhər İcra Hakimiyyətinin İstehsal və xidmət sahələri sektorunda baş məsləhətçi kimi çalışan Samir Bədəlovdur.
Meyvə-tərəvəz satışı ilə məşğul olan sahibkara qarşı qeyri-qanuni davranaraq məhsulu müsadirə edən şəxs daha öncə Sumqayıtda ərazi nümayəndəsinin vəzifələrini icra edib.

Sosial şəbəkələrdə tənqid olunan əsas məsələ isə Sumqayıt ŞİH-in nümayəndəsinin qanunları göstəriş xətrinə icra etməsidir. Çünki aparılan reydlər heç də bütün şəhər ərazisini, əsasən də mərkəzi küçələri əhatə etmir.
Məsələn, təqdim etdiyimiz fotolar şəhərin Nəriman Nərimanov küçəsində lentə alınıb. Fotodan da aydın olur ki, istifadəyə yararsız yük maşınından küçə alverində istifadə olunur.
Avtomobil avtobus dayanacağı ilə yanaşı, onun qarşısında illərdir icra olunan küçə alveri səkini zəbt edib, sakinlərin gediş-gəlişinə maneə törədir.

Ən maraqlısı da odur ki, lentə aldığımız bu obyekt icra hakimiyyətinin 1 km yaxınlığındadır. Şəhər sakinləri bu obyektin Sumqayıtın icra başçısı Zakir Fərəcova aid olduğunu bildirirlər.