BAKI, 19 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Belarus Prezidenti Aleksandr Lukaşenkonu Qəzzanın münaqişədən sonrakı nizamlanması üzrə "Sülh Şurası"nda iştirak etməyə dəvət edib.

Teleqraf xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin sözçüsü Ruslan Varankov bildirib.

Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir: "Belarus tərəfi ABŞ Prezidenti Donald Trampdan Aleksandr Lukaşenkoya şəxsi müraciət alıb. Təklif prezidentə çatdırılıb və prezident onu müsbət qəbul edib" .

Belarus Xarici İşlər Nazirliyi qeyd edib ki, yeni beynəlxalq təşkilatda iştirak ölkəyə son illərdə üzərində işlədiyi "yeni təhlükəsizlik arxitekturası"nı təşviq etməyə imkan verəcək.

Qeyd edək ki, Amerikanın "The Financial Times" qəzeti Tramp administrasiyasının BMT-yə mümkün alternativ kimi "Sülh Şurası"nı nəzərdən keçirdiyini yazıb. Gələcəkdə şuranın mandatı genişləndirilə bilər. "Sülh Şurası" Qəzza ilə yanaşı, Ukrayna və Venesuela da daxil olmaqla digər qaynar nöqtələrə yardımlar edəcək.