BAKI, 18 yanvar. TELEQRAF
ABŞ öz milli təhlükəsizliyi məsələsini digər ölkələrə həvalə etmək niyyətində deyil.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent Vaşinqtonun Qrenlandiya ilə bağlı iddialarını şərh edərkən "NBC News" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Arktika uğrunda mümkün mübarizəni strateji baxımdan dəyərləndirir və yaxın perspektivdən kənara baxır.
“Biz təhlükəsizliyimizi heç kimə delegasiya etməyəcəyik. Yarımkürəmizin təhlükəsizliyini başqa ölkələrin öhdəsinə buraxmaq fikrində deyilik”, - deyə Bessent vurğulayıb.
Maliyyə nazirinin fikrincə, gələcəkdə Arktika uğrunda mübarizə realdır və Qrenlandiyanın ABŞ-yə birləşdirilməsi münaqişənin qarşısını almağa kömək edə bilər. O bildirib ki, güc vasitəsilə sülh prinsipinə indi əməl edərək Qrenlandiyanı ABŞ-nin tərkibinə qatmaq münaqişədən yayınmağa imkan verər.
Bessent əlavə edib ki, hazırda ABŞ dünyanın ən güclü və ən fəal ölkəsidir.