BAKI, 18 yanvar. TELEQRAF
"Event Horizon Telescope" (EHT) layihəsinin alimləri tarixdə ilk dəfə qara dəliyin hərəkətini qeydə almağı planlaşdırırlar.
Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" qəzeti yazır.
Bildirilir ki, müşahidələrin obyekti "M87" qalaktikasının mərkəzində yerləşən qara dəlik olacaq.
Layihənin təsisçilərindən biri Sera Markoffun sözlərinə görə, bu müşahidələr qara dəliyin fırlanma sürətini və onun buraxdığı güclü maddə axınlarının (relyativistik şüaların) necə formalaşdığını daha yaxşı anlamağa imkan verə bilər. Onun fikrincə, bu axınlar qalaktikanın, hətta ətraf qalaktikaların təkamülünə ciddi təsir göstərə bilər.
Məqalədə qeyd olunur ki, "M87" qalaktikasındakı qara dəliyin kütləsi təxminən 6 milyard Günəş kütləsinə bərabərdir, ölçüləri isə Günəş sisteminin sahəsi ilə müqayisə edilə bilər. Bu qədər böyük kosmik obyektlərin nisbətən yavaş hərəkəti teleskoplara ardıcıl görüntülər çəkməyə və onları video formatında təqdim etməyə imkan verəcək.
Çəkilişlərin 2026-cı ilin mart-aprel aylarında aparılması nəzərdə tutulur. Bu dövr qara dəliyin öyrənilməsi üçün ən əlverişli vaxt hesab olunur.