BAKI, 18 yanvar. TELEQRAF
ABŞ Konqresində respublikaçıların bir qismi prezident Donald Trampın Qrenlandiya ətrafındakı vəziyyətlə əlaqədar Danimarka və bəzi Avropa ölkələrinə qarşı rüsumlar tətbiq etmək qərarını sərt tənqid edib.
Teleqraf xəbər verir ki, respublikaçı senatorlar bu addımı ABŞ-nin milli təhlükəsizliyinə zərər vuran kobud səhv adlandırıblar.
Alyaska ştatından senator Liza Murkovski "X" sosial şəbəkəsində yazıb ki, Trampın bu qərarı Avropadakı əsas müttəfiqləri ABŞ-dən uzaqlaşdıracaq və ölkənin təhlükəsizliyini gücləndirməyəcək. Onun fikrincə, nəticədə NATO üzrə Avropa müttəfiqləri diqqətini və resurslarını Qrenlandiya məsələsinə yönəltməyə məcbur qalır ki, bu da Rusiyanın maraqlarına uyğundur.
Şimali Karolina ştatını təmsil edən senator Tom Tillis isə bildirib ki, müttəfiqlərin Qrenlandiyaya az sayda hərbçi göndərməsinə cavab olaraq bu cür addımlar atmaq ABŞ, Amerika biznesi və müttəfiqlər üçün zərərlidir. O da bu siyasətin Rusiya və Çinin maraqlarına xidmət etdiyini vurğulayıb.
Nebraskadan Konqresin Nümayəndələr Palatasının üzvü Don Beykon isə Qrenlandiyanın ABŞ-nin müttəfiqi olduğunu xatırladaraq, müttəfiqi hədələməyin ağılsız siyasət olduğunu qeyd edib. Onun sözlərinə görə, Vaşinqton istəsə, Qrenlandiyada yeni hərbi bazalar yaratmaq imkanına malikdir.