BAKI, 18 yanvar. TELEQRAF

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan və Qəzza sektorunun idarə olunmasını nəzərdə tutan “Sülh Şurası”nın təsisçiləri sırasında ölkəsinin iştirakının məqsədəuyğunluğunu dəyərləndirmək üçün məsləhətləşmələr aparır.

Teleqraf xəbər verir ki, bu barədə "CNN Brasil" Braziliya rəhbərliyindəki mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Trampdan gələn dəvət Lula da Silvanı diplomatik seçim qarşısında qoyub. Bir tərəfdən, Vaşinqtonun təklifindən imtina Braziliya-ABŞ münasibətlərində gərginliyə səbəb ola bilər. Digər tərəfdən isə şurada iştirak ciddi reputasiya riskləri daşıyır.

Əsas narahatlığı Prezidentin beynəlxalq məsələlər üzrə baş müşaviri Selso Amorim ifadə edib. Onun fikrincə, Braziliyanın “Sülh Şurası”nda təmsil olunması Trampın planını legitimləşdirə bilər. Həmin plana əsasən, İsrail Qəzza anklavının 50 faizdən çoxuna nəzarəti saxlayır ki, bu da Braziliyanın 1967-ci il sərhədləri daxilində müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləyən ənənəvi mövqeyinə ziddir.

"CNN Brasil"ə danışan Braziliya administrasiyasındakı rəsmilərdən biri bildirib ki, dəvətin qəbul edilməsi güc yolu ilə formalaşdırılmış yeni ərazi reallığına səssiz razılıq mənasına gələr. Eyni zamanda, Braziliya XİN-dəki nümayəndə hesab edir ki, danışıqlar masasında yer almamaq ölkəni mühüm qlobal proseslərdən uzaqlaşdıra bilər.

Mənbələr vurğulayıb ki, Lula da Silva qərarın qəbulunu uzatmağı planlaşdırmır və iştirakla bağlı mövqeyini bir həftə ərzində açıqlayacaq.