BAKI, 18 yanvar. TELEQRAF

Çilinin cənubunda baş verən meşə yanğınları nəticəsində azı 15 nəfər həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin ictimai təhlükəsizlik naziri Luis Kordero məlumat verib.

Nazirin sözlərinə görə, qurbanların əksəriyyəti Bio-Bio regionunun payına düşür, burada 14 nəfər həyatını itirib. Daha bir nəfərin isə Nyuble regionunda öldüyü bildirilir.

Bildirilir ki, bu ərazilərdə fövqəladə vəziyyət elan edilib. Meşə yanğınları şənbə günü axşam saatlarında quraq və isti hava şəraitində başlayıb.

Milli Fövqəladə Hallarla Mübarizə Xidmətinin məlumatına əsasən, ölkə üzrə 25 yanğın ocağı qeydə alınıb, onların əksəriyyəti Nyuble regionundadır. Hakimiyyət orqanları vətəndaşlara təxliyə ilə bağlı xəbərdarlıqlar edir.