BAKI, 18 yanvar. TELEQRAF
Rusiya Silahlı Qüvvələri yanvarın 18-nə keçən gecə Odessa vilayətinin cənubundakı enerji infrastrukturuna zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper məlumat yayıb.
Rəsmi məlumata görə, Rusiya ordusu bölgəyə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.
Oleq Kiper bildirib ki, zərbələr nəticəsində enerji infrastruktur obyektində yanğın baş verib.
İlkin məlumatlara görə, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. Yanğın xilasedicilər tərəfindən operativ şəkildə söndürülüb. Hazırda hadisə yerində aidiyyəti xidmətlər fəaliyyətini davam etdirir.
Fövqəladə Hallar Xidmətinin regional idarəsindən verilən məlumata görə, hücum zamanı istehsalat binasından əlavə, bir minik avtomobili də məhv olub. Nəticələrin aradan qaldırılmasına 11 xilasedici və 3 texnika cəlb edilib.