BAKI, 4 mart. TELEQRAF
Ötən ilin yayında Bakının Suraxanı rayonunda, Zığ şosesi yaxınlığında baş verən yanğınla bağlı məhkəmə prosesi başa çatıb.
Teleqraf-ın əldə etdiyi məlumata görə, təqsirləndirilən şəxs qismində hakim qarşısına “Bakı Abadlıq Xidməti” MMC-nin bağbanı 1995-ci il təvəllüdlü K.A çıxarılıb.
Məlum olub ki, onun odla ehtiyatsız davranması nəticəsində 863 ağac yanıb və təbiətə 25 min manat ziyan dəyib.
Araşdırma zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs ağaclıq sahəyə gəlib qurumuş otları ona verilmiş otbiçən maşınla təmizləmək əvəzinə, öz işini asanlaşdırmaq məqsədilə kibritlə otları yandırıb, daha sonra həmin alovu söndürmək istəsə də, hava şəraitinin küləkli olması səbəbindən buna nail ola bilməyib.
Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirib ki, işlədiyi yerdə yolun kənarından başlayaraq eninə doğru 60 metr ərazi çalışdığı "Bakı Abadlıq Xidməti" MMC-nin ərazisidir:
"60 metrdən sonra gələn ərazi isə 2 saylı Yaşıllaşdırma idarəsinin ərazisidir. Həmin gün 2 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə qədər olan hissəni, yəni ancaq öz işlədiyim yerin ərazisində bitmiş otları biçməli idim. Gəlib oraya çatandan sonra gördüm ki, hava küləkli olsa da istidir, qarşıda hələ təmizlənməmiş böyük ərazi var. Ona görə də fikirləşdim ki, həmin ərazidə olan ot örütüyünü otbiçən maşınla biçməkdənsə, yandırıb nəzarətdə saxlayım. Düşündüm ki, "Bakı Abadlıq Xidməti" MMC-nin ərazisində bitmiş otlar yandırdıqdan sonra yanğın 2 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə keçməmiş söndürərəm".
Bağban hadisə yerinə gəlmiş şəxslərə qorxduğu üçün çay qaynatmaq məqsədilə yandırdığı ocağın alovunun yayılması nəticəsində yanğının baş verməsini deyib. O törətdiyi əməldən peşiman olduğunu bildirib.
Məhkəmənin qərarına əsasən, bağbanın azadlığı 1 il müddətinə məhdudlaşdırılıb.
Qeyd edək ki, “Bakı Abadlıq Xidməti”nin rəhbəri Bünyad Qasımovdur.