BAKI, 4 mart. TELEQRAF
Ermənistan parlamenti Erməni Apostol Kilsəsinə məxsus dini abidələrin hakimiyyətin xəbəri olmadan özgəninkiləşdirilməsini qadağan edən qanun layihəsini qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, qanun layihəsinin lehinə hakim fraksiyadan olan 66 deputat səs verib. Müxalifətdən olan 20 deputat isə dəyişikliklərin əleyhinə çıxıb.
Qəbul edilmiş dəyişikliklərə əsasən dövlət abidələri reyestrinə daxil edilmiş dini tikililərin mülkiyyət hüququ hökumətin razılığı olmadan heç bir üçüncü tərəfə ötürülə bilməz.
Bu qayda həm kompensasiyalı (satış), həm də əvəzsiz (bağışlanma) ötürülmə hallarına şamil edilir.
Bundan sonra kilsə mülkiyyətində olan tarixi və dini abidələrlə bağlı istənilən əməliyyat üçün icraedici hakimiyyətin rəsmi razılığı tələb olunacaq.