BAKI, 4 mart. TELEQRAF
Avropa Komissiyası ABŞ-nin İspaniya ilə ticarət münasibətlərini dayandırmaqla bağlı hədələrindən sonra Avropa İttifaqının maraqlarını müdafiə edəcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Olof Gill Madriddə danışarkən bildirib.
Onun sözlərinə görə, Brüssel ABŞ-nin icma ilə bağlanmış ticarət sazişi çərçivəsində üzərinə götürdüyü öhdəliklərə əməl edəcəyinə ümid edir. “Aİ-nin mövqeyi dəyişməyib”, - Gill Europa Press agentliyinə deyib.
Nümayəndə vurğulayıb ki, Komissiya hər zaman Avropa İttifaqının maraqlarının tam qorunmasını təmin edəcək.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İspaniyanın hərbi xərcləri ÜDM-in 5 faizinədək artırmaqdan imtina etməsindən sonra Vaşinqtonun bu ölkə ilə bütün ticarət əlaqələrini kəsmək niyyətində olduğunu bildirmişdi. O, həmçinin ABŞ hərbi qüvvələrinin İrana qarşı əməliyyat çərçivəsində İspaniyadakı bazalardan Madridin narazılığına baxmayaraq istifadə edəcəyini qeyd etmişdi.
Ağ Ev rəhbərinin bəyanatları İspaniyanın ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatını dəstəkləməməsi fonunda səsləndirilib. Madrid, həmçinin krallıq ərazisində yerləşən bazalardan bu məqsədlə istifadəyə qarşı çıxıb.
ABŞ-nin hədələrindən sonra İspaniya hökumətindəki mənbələr beynəlxalq hüquqa və Avropa İttifaqı ilə ABŞ arasında imzalanmış ikitərəfli razılaşmalara hörmət edilməsinin vacibliyini vurğulayıblar.