BAKI, 4 mart. TELEQRAF

Aralıq dənizində Rusiyaya məxsus "Arktik Metaqaz" qazdaşıyan gəmisi Ukraynanın pilotsuz katerləri tərəfindən hücuma məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.

Nazirliyin bildirdiyinə görə, hadisə martın 3-də Avropa İttifaqı üzvü olan Malta Respublikasının ərazi sularının yaxınlığında baş verib.

"Murmansk limanından yola düşən və bütün beynəlxalq qaydalara uyğun rəsmiləşdirilmiş yük daşıyan tanker Liviya sahillərindən idarə olunan pilotsuz katerlərin hədəfinə çevrilib",- məlumatda qeyd edilib.

Rusiya Nəqliyyat Nazirliyi bəyan edib ki, Malta və Rusiya xilasetmə xidmətlərinin birgə və koordinasiyalı fəaliyyəti nəticəsində gəminin ekipaj üzvü olan 30 Rusiya vətəndaşının hamısı xilas edilib.