BAKI, 4 mart. TELEQRAF

Bakının Binəqədi rayonunda hoteldə anasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Qasımlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edib.

Prokuror Ayxan Qasımlının 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Məhkəmədə təqsirləndirilən şəxsə son söz verilib.

Ayxan Qasımlı "namusunu təmizlədiyini" deyib: "Fikirləşiridim ki, kəndə gedəndə dost-tanışla görüşə bilməyəcəm".

Daha sonra prosesdə hökm oxunub. Ayxan Qasımlı 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, qətl hadisəsi Bakı Beynəlxalq Avtovağzal Kompleksində yerləşən "Crossway" hotelində baş verib.

2009-cu il təvəllüdlü Ayxan Qasımlı ilə anası Əsmət arasında geyim tərzi üstündə mübahisəyə olub. Əsmət gəzməyə çıxarkən qısa paltar geyinəcəyini bildirib. Oğlu isə buna etiraz edib. Əsmət "yaxşı edirəm, bədən mənim bədənimdir, özüm bilərəm" ifadəsini işlədib.

Bundan sonra 2009-cu il təvəllüdlü soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə çarpayıda əyləşmiş anasının boğaz nahiyəsinə zərbə endirib. Anasının ölmədiyini gördükdə zərbələrə davam edib. Çiyin nahiyyəsinə zərbə endirərkən bıçaq qırılıb və qadının bədənində qalıb.

Bu zaman qadın canını qurtarmağa çalışsa da, oğlu onun üz nahiyəsinə yumruqla zərbələr endirib.

Daha sonra yeniyemə anasını boğaraq öldürüb. Cinayəti törədən oğul polisə təslim olub.

Ayxan Qasımlıya qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.