BAKI, 4 mart. TELEQRAF
Rusiya və Çin ABŞ-nin BMT Təhlükəsizlik Şurasına mart ayı üçün təqdim etdiyi iş proqramının qəbuluna qarşı çıxıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb.
Bildirilib ki, buna səbəb ABŞ tərəfinin proqram layihəsinə İranla bağlı “sanksiyalar” məsələsini müzakirə edən Təhlükəsizlik Şurasının 1737 saylı komitəsinin brifinqini daxil etməsi olub.
Rusiya nümayəndəliyinin bəyanatında qeyd olunub ki, həmin komitənin fəaliyyətinin 2025-ci ilin sentyabrında Böyük Britaniya, Fransa və Almaniyanın anti-İran qətnamələrinin bərpası mexanizmini (“snapback”) işə salmasından sonra yenidən başladığı iddia edilir.
Bundan əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatını bu ölkəyə qarşı yönəlmiş aqressiya kimi qiymətləndirmişdi.
O, həmçinin İrana qarşı əməliyyatı diplomatiyaya xəyanət adlandırmışdı.
Rusiya Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin isə Nebenzanın BMT Təhlükəsizlik Şurasında İranla bağlı çıxışını “sərt və aydın” adlandırıb.