BAKI, 4 mart. TELEQRAF

“The New York Times”ın (NYT) yazdığına görə, İranın mərhum Ali rəhbəri Əli Xameneinin oğlu Müctəba Xamenei atasının tutduğu vəzifə üçün ən çox ehtimal olunan namizəddir. Ali rəhbərin seçilməsindən məsul olan Ekspertlər Şurası artıq Müctəbanı yeni lider elan etməyə hazır olsa da, bəzi üzvlər iddia edirlər ki, bu, onu ABŞ və İsrailin hədəfinə çevirəcək.

Yeni ali rəhbərin namizədliyini müzakirə etmək üçün martın 3-də Qum şəhərində səhər və axşam distant görüşlər keçirilib. Elə həmin gün bəzi yerli və xarici media qurumlarında Müctəba Xameneinin Ekspertlər Şurası tərəfindən ali rəhbər seçildiyinə dair məlumat yayılıb.

Bəs ölkənin yeni mümkün ali rəhbəri kimdir?

Müctəba Xamenei 1969-cu il sentyabrın 8-də İranın Məşhəd şəhərində anadan olub. Keçmiş Ali rəhbəri Əli Xameneinin ikinci oğludur, anası Mənsurə Xocəstə Baqerzadədir. Ata-anası 2026-cı il fevralın 28-də ABŞ və İsrailin Tehrana hücumunda həlak olub.

Müctəba Tehranda Ələvi İslam Məktəbində təhsil alıb. 1999-cu ildə dini təhsilini davam etdirmək üçün Qum şəhərində məktəbə daxil olub, burada şiə alimlərinin dərslərində iştirak edib. Sonradan həmin məktəbdə dərs deyib.

Müctəba Xamenei rəsmi dövlət vəzifələrində çalışmasa da, Qərb KİV-ləri onu İranın siyasi sistemində ən nüfuzlu fiqurlardan biri kimi xarakterizə edir. Onun təhlükəsizlik strukturları, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və “Bəsic” qüvvələri üzərində əhəmiyyətli təsirinin olduğu bildirilir.

2005-2009-cu illərdə prezident seçkiləri zamanı adı seçki prosesinə müdaxilə ehtimalı ilə hallandırılıb. Xüsusilə, islahatçı düşərgənin nümayəndəsi Mehdi Kərrubi oğul Xameneini prosesi mühafizəkar Mahmud Əhmədinejadın xeyrinə saxtalaşdırmaqda ittiham etmişdi. 2009-cu ildə isə “The Guardian”, “Bloomberg”, “Reuters”, BBC kimi nüfuzlu media qurumları Mirhüseyn Musəvini dəstəkləyən kütləvi etirazların yatırılmasında roluna diqqət çəkmişdilər.

2011-ci ildə Müctəbanin atasına sui-qəsd işi ilə bağlı həbs olunduğu barədə şayiə yayıldı. İddia olunurdu ki, onunla əlaqəli SEPAH komandirləri Əli Xameneini noyabrın 12-də güclü partlayışın baş verdiyi hərbi bazaya dəvət etmişdilər, həmin hadisə nəticəsində 17 nəfər həlak olmuşdu. Amma bu, rəsmən təsdiqlənmədi. Həmin illərdə İranın müxalif KİV-lərində onun adı ali rəhbərin potensial varisi kimi çəkilməyə başladı.

2019-cu ilin noyabrında ABŞ Maliyyə Nazirliyi Müctəba Xamenei və İranın ali rəhbərinin yaxın çevrəsindən səkkiz digər şəxsə qarşı sanksiyalar tətbiq etdi, onları İran daxili və xaricində etirazların yatırılmasında iştirak və Əli Xameneinin regionda sabitliyi pozan siyasətini təşviq etməkdə ittiham etdi. ABŞ-nin rəsmi qurumlarına görə, Müctəba 4,5 milyard dollar sərvətin sahibidir.

2026-cı il martın 1-də İsrail KİV-ləri Müctəba Xameneinin ABŞ və İsrailin Tehrana hücumu nəticəsində öldüyü barədə məlumat yaysa da, bu, sonradan təkzib edildi.

İranın mümkün yeni ali rəhbəri Zəhra Həddad Adel ilə evlidir. Zəhra mühafizəkar siyasətçi və parlamentin sabiq sədri Qulam-Əli Həddad Adelin qızıdır.