BAKI, 4 mart. TELEQRAF

ABŞ-nin Nyu-Meksiko ştatında ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan generalı Uilyam Nil Makkasland itkin düşüb.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Daily Mail” qəzeti məlumat yayıb.

Məlumata görə, 68 yaşlı Makkasland sonuncu dəfə fevralın 27-də görülüb. Bildirilir ki, o, guya UNO (naməlum uçan obyektlər) araşdırmaları ilə əlaqəli olduğu iddia edilən tədqiqat laboratoriyalarına rəhbərlik edib.

Qeyd olunur ki, generalın sağlamlıq problemləri ilə bağlı hüquq-mühafizə orqanları onun təhlükəsizliyindən narahatdır.

Axtarış işlərinə ABŞ Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşlarının da cəlb olunduğu bildirilir.

Makkasland ABŞ Hərbi Hava Qüvvələrində xidmətini 2013-cü ildə başa vuraraq istefaya çıxıb.

Xatırladaq ki, fevralın sonunda UNO ilə bağlı məxfilikdən çıxarılmış sənədlərin saxlandığı “The Black Vault” saytının arxivindən 3,8 milyon gizli faylın yoxa çıxdığı bildirilmişdi.

Bundan başqa, ABŞ Prezidenti Donald Trampın Pentaqon rəhbəri Pit Hegsetə yerüstü olmayan həyatla bağlı məlumatların açıqlanması tapşırığını verdiyi də qeyd olunub.