BAKI, 4 mart. TELEQRAF

İran ordusu İsrail və Bəhreyn və Küveytdəki ABŞ bazalarına pilotsuz təyyarələrlə hücumlar həyata keçirdiyini bildirib.

Teleqraf xəbər verir ki, Təl-Əvivdə hava hücumu siqnalı işə düşüb.

***
21:03

İran ordusu İsrail və Bəhreyn və Küveytdəki ABŞ bazalarına pilotsuz təyyarələrlə zərbələr endirdiyini açıqlayıb.

***
20:48

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Fars körfəzində İsrail istiqamətində hərəkət edən bütün gəmilərə zərbələr endiriləcəyini bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə SEPAH-ın rəsmi bəyanatında bildirilir.

***

19:03

İran Silahlı Qüvvələrinin Fars körfəzində həyata keçirdiyi hücum nəticəsində İsveç şirkətinə məxsus tanker zədələnib.

Teleqraf xəbər verir ki, bu barədə İsveçin SVT telekanalı məlumat yayıb.

Məlumata görə, hücuma məruz qalan gəmi İsveçin "Stena" şirkətinə məxsusdur.

***

15:59

İran dövlət televiziyasının məlumatına görə, İsrail ərazisinə raket zərbələri endirilib.

***

14:31

Suriya və Livan sərhədində yerləşən mühüm keçid məntəqəsinin fəaliyyəti İsrailin mümkün hava hücumları ilə bağlı xəbərdarlıqlardan sonra dayandırılıb.

Teleqraf xəbər verir ki, bu barədə Suriyanın Dəniz Limanları İdarəsindən bildirilib.

***

13:42

İran Silahlı Qüvvələri son iki sutka ərzində Yaxın Şərq regionunda yerləşən ABŞ-nin ən azı doqquz hərbi bazasını hədəf alıb.

Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

***

13:22

İraq Kürdüstanı regionunda İran kürd müxalifətinə məxsus qərargah pilotsuz uçuş aparatı (PUA) tərəfindən hücuma məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

***

13:09

ABŞ, İsrail və İran arasında gərginliyin hərbi qarşıdurma müstəvisinə keçməsi fonunda Yunanıstana məxsus "F-16V Viper" qırıcı təyyarələri Kiprə yerləşdirilib.

Teleqraf xəbər verir ki, döyüş təyyarələri adadakı Pafos aviabazası ərazisində dislokasiya olunub.

Məlumata görə, bu addım regionda təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyəyə qaldırılması və mümkün təhdidlərin qarşısının alınması məqsədi daşıyır.

Rəsmi Afina və Nikosiya qırıcıların adaya gətirilməsinin müdafiə xarakterli olduğunu, bölgədəki strateji sabitliyi qorumağa xidmət etdiyini vurğulayıblar.

***

13:07

Küveytin müxtəlif bölgələrində hava həyəcanı siqnalları (sirenlər) səslənməyə başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.

Məlumata görə, yaranmış təhlükə ilə əlaqədar yerli sakinlərə təcili olaraq təhlükəsiz yerlərə və sığınacaqlara yollanmaq tövsiyə edilib.

***

12:14

İran yüzlərlə pilotsuz uçuş aparatı ilə ABŞ-nin İraq və Küveytdəki obyektlərinə hücum edib.

Teleqraf xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

Məlumata görə, İran Yaxın Şərqdə ABŞ qoşunlarının yerləşdiyi bir neçə obyektə, o cümlədən İraqın Ərbil şəhərindəki bazaya, eləcə də Küveytdəki Əli əl-Salim aviabazasına və Arifac düşərgəsinə 230 pilotsuz uçuş aparatı buraxıb.

***

11:22

İraqın paytaxtı Bağdadın beynəlxalq hava limanı yaxınlığında yerləşən və ABŞ qüvvələri tərəfindən istifadə edilən maddi-texniki təminat bazasına döyüş dronu ilə hücum edilib.

Teleqraf xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumatı yayıb.

***

İsrail ordusu Livanın paytaxtı Beyrut şəhərinə qarşı yeni hava zərbələri dalğasına başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Bildirilir ki, həyata keçirilən hücumların əsas məqsədi Beyrutda yerləşən şiə təşkilatı "Hizbullah"a məxsus infrastruktur obyektlərini sıradan çıxarmaqdır.