BAKI, 12 yanvar. TELEQRAF
BMT-nin Baş katibi Antonio Quterreş İran hakimiyyətini etirazlara dözümlü yanaşmağa və zərurətdən artıq güc tətbiq etməməyə çağırıb.
Teleqraf xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik bildirib.
"Birləşmiş Millətlər Təşkilatı (BMT) İranda baş verən nümayişlər və zorakılıq hadisələrini yaxından izləyir və itkilərdən ciddi narahatdır. Eyni zamanda, ölkədə informasiya əldə etmə imkanlarının təmin olunması, o cümlədən rabitə bağlantılarının bərpası vacibdir", - BMT rəsmisi bildirib.
O əlavə edib ki, BMT-nin ölkədəki əməkdaşları hazırda təhlükəsiz şəraitdədir: "Prosesləri yaxından izləyirik və İran hökumətindən vətəndaşların hüquqlarının qorunmasına yönəlmiş addımların atılmasını tələb edirik".