BAKI, 12 yanvar. TELEQRAF

Qəzza zolağında İsrail hərbçilərinin açdığı atəş nəticəsində azı üç fələstinli həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bildirilir ki, yerlı səhiyyə qurumlarının bildirdiyinə görə, hadisələr iki ayrı ərazidə qeydə alınıb. Bir nəfər Qəzza şəhərinin Tuffah məhəlləsində - fələstinlilərin nəzarətində olan ərazidə, daha iki nəfər isə Qəzzanın cənubunda, İsrailin hələ də nəzarət etdiyi Bani Suhayla qəsəbəsində öldürülüb.

İsrail ordusu açıqlamasında bildirib ki, şimal Qəzza zolağında nəzarət etdikləri əraziyə keçən və birbaşa təhlükə yaradan terrorçuya atəş açılıb. Cənub bölgəsində isə hərbçilərin yaxınlaşan başqa bir terrorçunu hava zərbəsi ilə zərərsizləşdirdiyi qeyd olunub.

Xatırladaq ki, HAMAS ilə İsrail arasında ötən ilin oktyabrında əldə olunmuş atəşkəs razılaşmasından sonra döyüşlər əsasən səngisə də, tamamilə dayanmayıb. Tərəflər atəşkəsin pozulmasına görə bir-birini ittiham edir.

HƏMAS rəsmisi "Reuters"ə açıqlamasında vasitəçiləri atəşkəsi pozmağa yönəlmiş gündəlik İsrail hücumlarının qarşısını almağa çağırdıqlarını bildirib.