BAKI, 12 yanvar. TELEQRAF
Misirin paytaxtı Qahirədə Rusiyadan olan üç qadın qəddar hücuma məruz qalıb. Hücum edən şəxs onların yaşadığı mənzilə daxil olaraq soyğunçuluq və cinsi zorakılıq törətməyə cəhd edib.
Teleqraf xəbər verir ki,bu barədə "SHOT telegram" kanalı məlumat yayıb.
Bildirilir ki, xilas olmağa çalışan qadınlardan biri balkondan yıxılaraq sınıq xəsarəti alıb. Digər iki qadın isə hücumçu tərəfindən müxtəlif alətlərlə döyülüb, onlara ağır bədən xəsarətləri yetirilib. Zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilib.
İstintaqın məlumatına əsasən, şübhəli şəxs turist qadınları əvvəlcədən izləyib. Onların evə qayıtmasını gözlədikdən sonra mənzilə daxil olaraq müxtəlif alətlərlə hədələyib. Hücumda şübhəli bilinən şəxs qısa müddətdə saxlanılıb.
Bildirilib ki, saxlanılan şəxs soyğunçuluq və zorakılığa cəhd etdiyini etiraf edib. Hazırda o, həbsdədir və hüquq-mühafizə orqanları onun digər açılmamış cinayətlərdə iştirak ehtimalını araşdırır.