ABŞ Prezidenti Donald Tramp Konqres tərəfindən Rusiyaya qarşı yeni sanksiyaların qəbulunu dəstəkləyib.

Teleqraf xəbər verir ki, bu barədə Cənubi Karolina ştatının senatoru Lindsi Qrem məlumat verib.

Senatorun sözlərinə görə, Tramp bir neçə məsələ üzrə keçirilmiş görüşdən sonra Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan iki partiyalı qanun layihəsinə “yaşıl işıq” yandırıb. Qrem qeyd edib ki, bu qanun layihəsi üzərində uzun müddətdir senator Riçard Blumental və digər qanunvericilərlə birlikdə çalışıb.

“Ümid edirəm ki, hər iki partiya qanun layihəsinə fəal şəkildə səs verəcək və bu, gələn həftənin əvvəlində baş verəcək”, - deyə senator əlavə edib.

Qremin fikrincə, sənəd qəbul ediləcəyi təqdirdə Trampa Rusiyanın ticarət tərəfdaşlarına, o cümlədən Çin, Hindistan və Braziliyaya “böyük təsir” göstərmək imkanı verəcək və onları Rusiya neftinin alışını dayandırmağa sövq edəcək.

Qeyd edək ki, sözügedən qanun layihəsi 2025-ci ilin aprelində Senatın iki partiyalı üzvlər qrupu tərəfindən təqdim edilib.