BAKI, 7 yanvar. TELEQRAF

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəməndə Cənub Keçid Şurasının (CKŞ) sədri Aydarus əz-Zubaydinin naməlum istiqamətdə yoxa çıxdığını açıqlayıb.

Teleqraf xəbər verir ki, məlumatı "Reuters" yayıb.

Koalisiyanın bildirdiyinə görə, əz-Zubaydi Yəmənin cənubunda münaqişənin nizamlanmasının müzakirə olunacağı forumda iştirak etmək üçün Ər-Riyada uçmalı olduğu reysə gəlməyib. BƏƏ-nin dəstəklədiyi separatçı hərəkatın liderinin hazırda harada olduğu məlum deyil.

Qeyd edək ki, yanvarın 2-də Hədramaut vilayətinin qubernatoru Salim əl-Hənbəşi separatçıların nəzarətində olan hərbi düşərgələrin hökumət qüvvələrinə təhvil verilməsi məqsədilə əməliyyata başlandığını açıqlayıb. Həmin gün CKŞ iki illik keçid dövrünün başladığını və bu müddətin sonunda paytaxtı Aden olan Cənubi Ərəbistan adlı müstəqil dövlətin elan ediləcəyini bəyan edib.

Xatırladaq ki, Yəmən Prezident Şurasının rəhbəri Rəşad əl-Əlimi ölkənin cənubundakı böhranın həlli üçün Ər-Riyadda ümumi siyasi konfransın keçirilməsini təklif edib. Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi təşəbbüsü dəstəkləyərək, problemin yalnız dialoq yolu ilə həllinin mümkün olduğunu vurğulayıb.

Yanvarın 3-nə olan məlumata görə, hökumət qüvvələri Hədramaut və əl-Məhra vilayətlərində nəzarəti bərpa edərək bütün strateji obyektləri separatçılardan geri alıb.