BAKI, 2 yanvar. TELEQRAF
Qərbin maliyyə nəzarətindən yan keçməyə çalışan İran ballistik raket, pilotsuz təyyarə, gəmi və hava hücumundan müdafiə sistemlərinin satışında ödəniş vasitəsi kimi kriptovalyuta ilə əməliyyatlara başlayıb.
Teleqraf xəbər verir ki,
İran Müdafiə Nazirliyinin ixrac mərkəzi Mindex xarici hökumətlərə qabaqcıl silah sistemlərinin tədarükü üçün kriptovalyuta və İran rialı ilə ödənişlə müqavilələri təklif edib. “Financial Times” mərkəzin materiallarına istinadən xəbər verir ki, nazirlik barter sövdələşmələrinə də hazırdır.
Qəzet qeyd edir ki, bu, dövlətin strateji hərbi texnikanın ixracı üçün ödəniş kimi kriptovalyutanı qəbul etməyə hazır olduğunu açıq şəkildə bəyan etdiyi ilk haldır. Bu yolla hakimiyyət Qərbin maliyyə məhdudiyyətlərindən yan keçməyə çalışır.
Mindex 30-35 ölkə ilə əməkdaşlıq etdiyini iddia edir. Qurumun ixrac kataloquna "Emad" ballistik raketləri, "Şahed" dronları, "Şahid Soleimani" sinifli gəmilər və qısa mənzilli hava hücumundan müdafiə sistemləri daxildir.