BAKI, 2 yanvar. TELEQRAF

Gürcüstana yağan aramsız qardan sonra sinoptiklər yanvarın 3-ü və 4-nə olan temperaturla bağlı xəbərdarlıq ediblər.

Teleqraf xəbər verir ki,
sinoptiklər gecə Kolxida vadisində temperaturun -8 dərəcəyə, Şida Kartli bölgəsində isə -17 dərəcəyə enəcəyini açıqlayıblar.

Proqnozlara görə, aşağı temperatur subtropik bitkilər və üzüm ərazilərinə ziyan verəcək. Eləcə də şaxtalı hava yollarda məhdudiyyətlər yaradacaq. Bəzi yolların buz bağlaması gözlənilir, elektrik xətlərinin donması səbəbindən ərazilər işıqsız qala bilər.

Qeyd edək ki, Gürcüstan ərazisində yağan aramsız qar artıq bir sıra ciddi problemlər yaradıb.

Gürcüstan-Rusiya quru sərhədinə gedən, eləcə də digər beynəlxalq əhəmiyyətli magistral yollar tam bağlanıb.

Hərbi yol kimi tanınan Yuxarı Lars sərhəd keçid məntəqəsi qar uçqunu təhlükəsi səbəbindən bütün nəqliyyat vasitələrinin hərəkəti üçün qadağandır.

Qərb bölgəsində bəzi kəndlərlə əlaqə kəsilib. Qarın hündürlüyü bir metrə çatıb. Bəzi bölgələrə elektrik enerjisi və təbii qazın verilməsində fasilələr yaranıb