BAKI, 2 yanvar. TELEQRAF

Venesuela hökuməti ABŞ ilə narkotik qaçaqmalçılığına qarşı mübarizə üzrə sazişin bağlanmasını, eləcə də neft sektoruna Amerika investisiyalarını müzakirə etməyə hazır olduğunu bəyan edib.

Teleqraf xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro jurnalist İqnasio Ramonetə müsahibəsində deyib.

Maduro bildirib ki, Vaşinqton bu məsələdə ciddi yanaşma nümayiş etdirdiyi təqdirdə Karakas dialoqa açıqdır.

“Hesab edirəm ki, faktlara əsaslanaraq ciddi danışmağa başlamaq lazımdır. ABŞ hökuməti bilir, çünki biz bunu onların bir çox nümayəndələrinə demişik, əgər onlar narkotik qaçaqmalçılığına qarşı mübarizə üzrə sazişi ciddi şəkildə müzakirə etmək istəyirlərsə, biz buna hazırıq. Əgər onlara Venesuela nefti lazımdırsa, Venesuela "Chevron" kimi Amerika şirkətlərinin investisiyalarına da hazırdır”, - o deyib.

Venesuela lideri eyni zamanda ABŞ-nin Karakası narkotik istehsalı ilə kifayət qədər mübarizə aparmamaqda ittiham etməsini növbəti dəfə əsassız adlandırıb. Onun sözlərinə görə, Vaşinqton Venesuelanı kütləvi qırğın silahlarına malik olmaqda ittiham edə bilmədiyi üçün bu iddiaları ortaya atıb.