LƏNKƏRAN. 2 yanvar, TELEQRAF
Lerik rayonunda qarlı hava şəraiti müşahidə olunur.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, ötən gündən respublika ərazisində hökm sürən yağışlı-qarlı hava şəraiti nəticəsində rayon mərkəzi də daxil olmaqla bütün kəndlərə qar yağıb.
Bu barədə rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov məlumat verib. Onun sözlərinə görə, hazırda rayon mərkəzində qarın hündürlüyü 10–15 sm, dağlıq ərazilərdə isə 20–25 sm təşkil edir.
Bildirilib ki, rayonun əsas magistralı olan Lənkəran–Lerik avtomobil yolu açıqdır, həmçinin rayon mərkəzindən kəndlərə gedən yollarda hərəkət normaldır. Bu saata qədər elektrik enerjisinin verilişində, eləcə də təbii qaz və su təchizatında hər hansı problem qeydə alınmayıb. Hazırda qarlı hava şəraiti davam edir.
Qeyd edək ki, cənub bölgəsinin digər rayonlarında isə əsasən yağışlı hava müşahidə olunur.