BAKI, 31 dekabr. TELEQRAF

ABŞ administrasiyası 2026-cı il futbol üzrə dünya çempionatı zamanı pilotsuz uçuş aparatlarına (PUA) qarşı tədbirlərin gücləndirilməsi məqsədilə 11 ştatın hakimiyyət orqanlarına 250 milyon dollar vəsait ayırıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Fövqəladə Hallar üzrə Federal Agentliyinin yaydığı bəyanatda qeyd olunub.

Sənədə əsasən, çempionat oyunlarının keçiriləcəyi 11 ştata və ABŞ-nin paytaxt regionuna qrantlar şəklində ümumilikdə 250 milyon dollar ayrılıb. Bildirilir ki, bu vəsaitlər PUA-ların aşkarlanması, identifikasiyası, izlənməsi və onlara qarşı mübarizə imkanlarının inkişafı üçün istifadə oluna bilər.

Agentliyin nümayəndələri vurğulayıb ki, son illərdə cinayətkarlar, terrorçular və düşmən mövqeli xarici subyektlər PUA-lardan daha fəal şəkildə istifadə etməyə başlayıblar.

“PUA-larla bağlı artan təhlükə fonunda dünya çempionatı zamanı təhlükəsizliyin təmin olunması üçün operativ addımlar atmağın vacibliyini anlayırdıq və bunu etdik”, - deyə Agentliyin nümayəndəsi bildirib.

Qeyd olunur ki, Vaşinqton administrasiyası 2026-cı ildə də ştatlara PUA-lara qarşı mübarizə məqsədilə əlavə 250 milyon dollar ayırmağı planlaşdırır.

Futbol üzrə dünya çempionatı 2026-cı il iyunun 11-dən iyulun 19-dək Kanada, Meksika və ABŞ-də keçiriləcək. Turnirdə ilk dəfə 48 milli komanda iştirak edəcək.