BAKI, 29 dekabr. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yalova vilayətində İŞİD-ə qarşı əməliyyat zamanı şəhid olan polislərin ailəsinə başsağlığı verib.
Teleqraf xəbər verir ki, Türkiyə dövlət başçısı bu haqda "X" platformasında yazıb.
"Bu səhər Yalovada terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı şəhid olan qəhrəman polis əməkdaşlarımıza uca Allahdan rəhmət diləyir, ailələrinə səbir, polis təşkilatımıza, ölkəmizə və millətimizə başsağlığı verirəm. Yaralanan polis əməkdaşlarımıza rəbbimdən tezliklə şəfa arzulayıram. Millətimizin hüzuruna və dövlətimizin təhlükəsizliyinə qəsd edən əli qanlı canilərlə mübarizəmizi sərhədlərimiz daxilində və xaricində qətiyyətli, çoxşaxəli və güzəştsiz şəkildə davam etdirəcəyik.
Rəbbim şəhidlərimizin ruhlarını şad, məkanlarını cənnət etsin", - deyə Türkiyə Prezidenti qeyd edib.