BAKI, 28 dekabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı 1 saat 15 dəqiqə davam edib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Uşakov bildirib ki, danışığın əvvəlində prezidentlər Milad və Yeni il bayramları münasibətilə səmimi təbriklərini çatdırıblar. O əlavə edib ki, dialoq dostluq, mehriban və işgüzar ruhda keçib və tərəflər Ukrayna konflikti üzrə uzunmüddətli həll yolunu tapmaq üçün qarşılıqlı maraq göstəriblər. Tramp qeyd edib ki, bu məlumatları Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqları zamanı nəzərə alacaq.

***

21:14

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığının yaxşı və çox məhsuldar keçdiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

Amerika liderinin sözlərinə görə, telefon danışığı dekabrın 28-də planlaşdırılan Ukrayna Prezident Volodimir Zelenski ilə görüş ərəfəsində baş tutub. Tramp qeyd edib ki, sözügedən görüş yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə 22:00) keçiriləcək.

O əlavə edib ki, Zelenski ilə görüş Florida ştatında yerləşən Mar-a-Laqo iqamətgahının əsas yemək zalında və mətbuat nümayəndələrinin iştirakı ilə baş tutacaq.