BAKI, 28 dekabr. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə görüşün əvvəlində Ukraynanın mümkün ərazi güzəştlərini müzakirə etməyə hazır olduğunu açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Zelenski jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Zelenskinin sözlərinə görə, tərəflər 20 maddədən ibarət sülh planını müzakirə edirlər və bu planın artıq 90 faizi razılaşdırılıb.
“Biz 20 maddəlik plan haqqında danışacağıq. Planın 90 faizi artıq razılaşdırılıb. Bəli, bu çərçivədə ərazi məsələlərini də müzakirə edəcəyik”, - o deyib.
Ukrayna lideri qeyd edib ki, razılaşmanın əldə olunması üçün konkret vaxt məhdudiyyəti yoxdur. Onun sözlərinə görə, Tramp ilə görüşün əsas məqsədi hələ razılaşdırılmamış məsələlərin, o cümlədən Ukrayna ilə ABŞ arasında iqtisadi əməkdaşlıq və bu razılaşmaların həyata keçirilmə ardıcıllığının müzakirəsidir.
Zelenski ilə Trampın görüşü ABŞ prezidentinin Florida ştatında yerləşən Mar-a-Laqo iqamətgahında keçirilir. Ukrayna nümayəndə heyətində ABŞ-dakı səfir Olqa Stefanışina, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov, xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Andrey Qnatov və iqtisadiyyat naziri Aleksey Sobolev yer alır.
ABŞ tərəfindən isə görüşdə Donald Trampla yanaşı, dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset və Trampın xüsusi elçisi Stiven Uitkoff iştirak edir.